Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademiyanın ümumi yığıncağı başlanıb.

Ümumi yığıncaqda Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Təhsil naziri Ceyhun Bayramov və digər hökumət, dövlət və elmi ictimaiyyət nümayəndələri iştirak edirlər.

Akademik Ramiz Mehdiyev tədbir iştirakçılarını ümumi yığıncağın gündəliyi ilə tanış edib.

Gündəliyə "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı", AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri məsələləri daxil edilib.

***

AMEA-nın illik Ümumi yığıncağında Akademiyada 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

Bu təkliflə akademiyanın prezidenti Ramiz Mehdiyev çıxış edib.

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb.

İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçilib.